Kateqoriyalar

Keçid forma kimi tanıdılan canlıların əsl mahiyyəti

1. HEYDELBERQ ADAMI (Homo heildelbergensis)

Heydelberq adamı qazıntı insan formalarından biridir. 1907-ci ildə alman antropoloqu Otto Şötenzak Almaniyanın Heydelberq şəhəri yaxınlığında, Elsents çayı vadisində 24 metr dərinlikdən tapdığı alt çənə sümüyünə bu adı vermişdi. Sonradan tapılan və bu kateqoriyaya salınan insan sümükləri Avropada 600 min-400 min il əvvəl yaşamış insanları təmsil edir. Şötenzak və sonrakı təkamülçülər onu “primitiv” insan kimi saysalar da, sonrakı tapıntılarla məlum oldu ki, Heydelberq adamı heç də müasir insanlardan fərqlənmir. Ayrı növ deyildir və sadəcə olaraq, Avropada ilk məskunlaşmış insan irqidir. Elə buna görədir ki, tapılan 200 min illik insan qalıqlarına bəzi təkamülçülər Heydelberq adamı, bəziləri neandertal, bəziləri isə başqa bir insan irqi olan Homo erectus adı verirlər.1 Çünki bu gün insanlar arasında irqi fərqliliklər olduğu kimi, yüz min illər əvvəl də bu fərqlər var idi. Həqiqətdə, tapılan bu qalıqlar tək bir insan növünün müxtəlif irqlərinə aiddir.

2. NEANDERTAL ADAMI (Homo sapiens neanderthalensis)

Bu qədim qalıqların sadəcə bir insan irqinə aid olduğu üzə çıxmışdır. Neandertallar heç bir şəkildə “ibtidai növ” deyil, əksinə, bugünkü insanlar kimi müasir insan irqi idi. Elə buna görədir ki, əvvəllər Homo neanderthalensis deyə ayrı növ kimi xarakterizə edilən bu qalıqlar sonradan Homo sapiens neanderthalensis deyə dəyişdirilib, yəni sadə bir insan irqi olduğu qəbul edilir.2


Antropoloq E. Trinkaus: “Neandertalların müasir insanlardan ibtidai sayıla biləcək heç bir xüsusiyyəti yoxdur”.

Neandertalların qısa və dar kəllələri, iri almacıq sümükləri və burunları və ən səciyyəvi cəhətləri olan başlarının arxasındakı kiçik toppuzşəkilli sümük çıxıntıları (əmgək çıxıntısı) vardı. Məşhur antropoloq Ç. Lorinq Breys Feniksdə baş tutan Amerika Antropologiya Birliyinin illik yığıncağında çıxış edərkən bir çox müasir danimarkalı və norveçlinin də eynilə bu xüsusiyyətlərə sahib olduğunu ifadə etmişdir. “Əslində, Amerika hinduları və ya avstraliyalı aborigenlərdən daha çox bugünkü avropalıların kəllələri Neandertal kəlləsinə bənzəyir”,- deyə Breys çıxışında bildirir.3 Neandertallarla bağlı bəzi mütəxəssislərin də sözlərinə yer verək. Amerikalı antropoloq, Miçiqan Universitetinin Antropologiya Muzeyinin elmi işçisi Holli Smit: “Dişlərin inkişaf formalarına əsaslanaraq apardığımız təhlillər avstralopiteklər və Homo habilisin Afrika meymunları ilə eyni kateqoriyada olduqlarını, Homo erectus və neandertalların isə insanlarla eyni kateqoriyada olduğunu göstərir”.4 Vaşinqton Universitetinin Antropologiya departamentinin professoru, neandertallar və “insanın təkamülü” mövzuları üzrə ekspert Erik Trinkaus isə deyir: “Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”.5

3. DENİSOVA ADAMI (Homo sapiens denisova)

2010-cu ildə tək çeçələ barmağa aid qırıntı Rusiyanın Denisova mağarasından tapıldı. Bu qırıntının 41.000 il yaşı olduğu ölçüldü. Sadəcə bir çeçələ barmağı tapılmasına baxmayaraq, təkamülçülər çox böyük hay-küylə bu qalığı gündəmə gətirdilər və bunu “Naməlum insanabənzər!”, “Sibirdə üçüncü insan növü tapıldı” kimi mübaliğəli başlıqlarla yayımladılar. Fosilin həqiqi hekayəsi isə belədir: Çeçələ barmağından tapılan mitoxondri DNT-sini analiz edən təkamülçülər gördülər ki, bu fosilin mənşəyi “Afrikadan çıxış” tezisi ilə, yəni bütün bəşəriyyətin əcdadının afrikalı olması tezisi ilə uyuşmur. Yəni bu fosil, əslində, köhnə darvinist iddiaları təkzib edən və darvinist sxemləri alt-üst edən tapıntı idi. Lakin bu vəziyyəti ört-basdır etmək istəyən darvinistlər Denisova adamını yeni, başqa bir növ kimi qələmə verirlər. Mitoxondri DNT-sindən (mtDNT) çıxardıqları nəticə isə bu idi: Denisova adamları fərqli bir nəsildən gəlir, Afrikadan çıxıb 40.000 il öncə Asiyaya köçmüş yeni bir növdür və ətraflı təhlillərlə onun da əcdadının kim olduğu müəyyənləşdiriləcəkdir. Halbuki bütün bu metodlar və proqnozlar uydurma idi. Təkamülçülər illərlə mitoxondri DNT-sinin irsən ancaq anadan ötürüldüyünü, buna görə də, ana-nənə-ulu nənə və i.a. sırasıyla gedildiyi zaman konkret əcdada çatıla biləcəyini iddia etmiş, Denisova adamı kimi fosilləri də bu metodla incələmişlər. Lakin 1999-cu və 2002-ci illərdə aparılan tədqiqatlarla ard-arda bu metodun yanlışlığı açıq-aşkar üzə çıxmışdır.1999-cu ildə “Proceedings of the Royal Society” jurnalında yayımlanan iki ayrı məqalədə bəzən mitoxondrilərin həm də atadan gələ bildiyi sübut edilmiş6, 2002-ci ildə“New Scientist” jurnalının internet səhifəsində yayımlanmış xəbərdə bir danimarkalının 90% mitoxondrisini atadan aldığı məlum olmuşdur.7 Beləliklə, “anadan gələn mitoxondri DNT-si”nə əsaslanan bütün təkamülçü fərziyyələr qüvvəsini itirmiş oldu. Həmçinin Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı məqaləmizdən də bu mövzuda geniş məlumat ala bilərsiniz.

4. FLORES ADAMI (Homo floresiensis)

“Hobbit” ləqəbi ilə də tanınan Flores adamı 2003-cü ildə İndoneziyanın Flores adasında kəşf olunmuşdu. Bu qədim insan fosilinin yaşı isə 100 min illə 60 min il arasında dəyişir. Təkamülçülər bu fosilin kiçik bədən və çox kiçik beyin həcmini onun bizim “ibtidai əcdadımız” olması ilə izah edib, onu ayrı növ kimi kateqorizə etdilər. Lakin sonrakı araşdırmalar Flores adamının bu anatomik xüsusiyyətlərinə başqa açıqlamalar gətirdi. Fosil tapıldıqdan bir il sonra floresiensisin Homo sapiensdən fərqli bir növ olaraq təqdim olunmasına etiraz edən indoneziyalı alimlərin fikirlərini sonradan başqa mütəxəssislərin dəstəkləməsi fosil barədə mübahisələri qızışdırır.8 Bu siyahının başında avstraliyalı alim Maçey Henneberq (Maciej Henneberg), Alan Torn (Alan Thorne) və Amerikadakı Fild Təbiət Tarixi Muzeyindən olan tədqiqatçılar gəlirdi. İndoneziyalı alimlərdə olduğu kimi, bu yeni etirazlar da Flores adamının mikrosefaliya adlı nevroloji xəstəlikdən əziyyət çəkmiş insan olduğunu vurğulayırdı. Etirazları ABŞ-ın məşhur “Science” jurnalında da çap olunan9 Henneberq Flores adamının kəllə sümüyü ölçülərinin mikrosefaliyadan qaynaqlandığını isbat edir. Tədqiqatçı, həmçinin Flores adamının üz anatomiyasının H. sapiens limitləri çərçivəsində olduğunu da qeyd edir. Avstraliya Milli Universitenin antropoloqu Alan Torn isə Flores adamının ayrı bir növ olduğu yönündəki iddianın şişirtmə olduğuna diqqət çəkir.10 Flores adamını elmi icmaya tanıtdıran aparıcı paleoantropoloq Piter Braun da “Scientific American” jurnalının internet saytında yayımlanan reportajında bu kimi anomaliyalara (böyümə hormonu çatışmazlığı və ya mikrosefaliya) məruz qalmış insanlarda beyin həcminin olduqca kiçik olduğunu deyir.11 Alimlərin bu fosil haqqında daha çox ehtimal verdikləri ikinci alternativ isə onun cırtdanlaşma prosesindən əziyyət çəkməsidir. Ada cırtdanlaşması deyə tərif edilən proses coğrafi təcridlə əsas adadakı populyasiyadan ayrılmış bir qrupun mühitdəki məhdud qida mənbələri üzündən zaman keçdikcə cırtdanlaşmasını təsvir edir. Həmin proses adalardan əldə edilən məməli fosillərində də müşahidə olunur. Misal üçün, Siciliya və Malta adalarında tapılmış və hündürlüyü sadəcə 1 metr olan fillərin dörd metr hündürlüyündəki fillərdən ayrılıb adada təcrid olduqları 5.000 il kimi qısa bir müddət ərzində cırtdanlaşdıqları təxmin edilir.12

5. HOMO NALEDI

Tamamilə quraşdırma olan Homo naledi fosili haqqında qısaca bəzi faktlara yer verək. Cənubi Afrika Respublikasının “Yüksələn Ulduz” mağarasından tapılan bu fosil 1550 ədəd ayrı-ayrı sümüyün bir yerə yığılmasından ibarət quraşdırma fosildir.13 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümükləri anatomik olaraq məntiqi formada düzməyə cəhd edib təkamülçülər. İnsan ilə meymun arası xüsusiyyətlər göstərən mozaik bir canlı ortaya çıxarıblar. Əllərində bütöv kəllə qutusu olmamasına baxmayaraq, 4 əskik kəllə sümüyünə istinad edib bir-birinə toxunmadan havada duran fraqmentlərdən ibarət montaj halqa əmələ gətirilib. Homo nalediyə aid edilən kəllə qutusunun həcmi portağal qədər, 500 sm3 təşkil edir, bugünkü şimpanzelərlə eyni həcmdədir.14 Maili üz quruluşu və kobud çənə strukturu olması, insanlar üçün xarakterik olan çıxıntılı burun sümüyü olmaması da bu fosilin Homo olmadığını sübut edir.15 Fosilin çiyin oynaqlarının quruluşu və əyri barmaq sümükləri ağaclarda sallanan meymunlara xas xüsusiyyətlər arasında sayıla bilər. Naledinin əlindəki orta və proksimal falanqalar hətta Australopithecus afarensis növü meymunlardakından daha əyridir. Homo naledidə müşahidə edilən geniş çanaq kürəkləri avstralopiteklər üçün səciyyəvidir. Aşağı döş qəfəsi də eynilə avstralopiteklərdəki kimi genişlənir.16 Bütün bunlar “Yüksələn Ulduz” mağarasındakı bu qalıqların bir meymuna xas olduğunu sübut edir. Üstəlik, sözü gedən fosillərin tapıldığı bölgədən də bu günə qədər ancaq avstralopitek, yəni meymun nümunələri çıxarılmışdır.17

6. RUDOLF ADAMI (Homo rudolfensis)

Homo rudolfensis termini 1972-ci ildə tapılan bir neçə fosil fraqmentinə verilən addır. Bir çox paleoantropoloqlar bu qalıqların, əslində, ayrı bir növə aid olmadığını, Homo rudolfensis adlandırılan canlının da, həqiqətdə, Homo (Australopithecus) habilis, yəni meymun növü olduğunu qəbul edirlər. Qalıqları tapan Riçard Likinin fikrincə, bu qədim canlı avstralopitek kimi beyin həcmi çox kiçik, lakin insanabənzər sifətə malik idi və avstralopitek ilə insan arasındakı itkin halqa idi. Ancaq bir müddət sonra aydın oldu ki, Rudolf kəllə sümüyünün bir çox elmi jurnalların üz səhifəsində dərc olunan “insanabənzər” siması, əslində, sümük parçalarını birləşdirərkən, bəlkə də, qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan üzü anatomiyası sahəsilə məşğul olan prof. Tim Bromic 1992-ci ildə kompüter simulyasiyalarının köməyi ilə aşkar etdiyi bu həqiqəti belə xülasə edir: “KNM-ER 1470 (Rudolf kəllə sümüyü) bərpa edilərkən üz cizgiləri eynilə bugünkü insanların kəllə sümüyünə oxşar şəkildə quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara əsasən, üz kəllə sümüyünə daha maili birləşdirilməlidir. Bu isə eynilə avstralopitekdə olan meymunabənzər sifət xüsusiyyətlərini göstərir”.18 Yəni Homo rudolfensis deyə müraciət edilən fosil meymun fosilidir və xətalı quraşdırma ilə insanabənzər təəssürat doğurmuşdur.

7. LYAONİNQORNİS (Liaoningornis longidigitris)

Quşların dinozavrlardan təkamülü nağılında yer tutan və 140 milyon il yaşında olduğu təxmin edilən19 bu fosil 1996-cı ildə Çindən çıxarılmışdır. Lyaoninqornis eynilə müasir quşlarda olduğu kimi uçuş əzələlərinin bağlandığı geniş döş tilinə malik idi.20 Digər bütün xüsusiyyətləri də müasir quşlarla ortaq idi. Yeganə fərq bu fosildə dişlərin tapılması idi ki, bu da heç bir halda primitiv xüsusiyyət deyildir. Lyaoninqornislə eyni təbəqədən tapılmış konfusiusornisdə diş yoxdur, deməli, dişli quşlar ibtidai, dişsiz quşlar da müasir sayıla bilməz.21 Necə ki, Alan Feduççia da“Discover” jurnalındakı şərhində bu fosilin quşların dinozavrlardan törəməsi nəzəriyyəsini qüvvədən saldığını qeyd edir.22 Müasir quşları təmsil edən bu növün arxeopteriksə, yəni 150 milyon il əvvəl yaşamış və bütün quşların əcdadı zənn edilən fosil quşa bu qədər yaxın bir dövrdə ortaya çıxması da, şübhəsiz ki, arxeopteriksin onların əcdadı olması iddiasını təkzib edən faktdır. İndi təkamülçülər bütün bu quşların xəyali bir ortaq əcdadını axtarmağa başlamışdırlar.23


Quşların dinozavrlardan təkamülü hipotezinə qarşı çıxan iki əhəmiyyətli ad: Alan Feduççia və Larri Martin.

8. PROTOPTERİKS (Protopteryx fengningensis)

Çin Elmlər Akademiyasından Fuçen Çjan (Fucheng Zhang) və Çjunhe Çjou (Zhonghe Zhou) 2000-ci ilin dekabrında “Science” jurnalına verdikləri hesabatda protopteriks adı qoyduqları yeni bir quş fosili tapdıqlarını bildirdilər.24 Çindən çıxarılmış bu 130 milyon illik25 fosili “dino-quş” kimi təqdim etmələrinə baxmayaraq, fosilin tam uçucu bir quşa aid olduğunu elə müəlliflərin özləri vurğulayırdılar. Bariz şəkildə uçucu olan bu kiçikölçülü quşun bədəni lələklərlə örtülüdür və uçuş qabiliyyətinə işarə edən prokorakoid sümüyünə malikdir. Müasir quşlarda prokorakoidin inkişafı uçuş qabiliyyətinə işarə edir. Qırqovullar kimi zəif uçucu quşların prokorakoidi zəif inkişaf etdiyi halda, oxucu quşlar və yırtıcı quşlar kimi əsl uçucuların prokorakoidi yaxşı inkişaf edir.26 Protopteriksdə də tam inkişaf etmiş prokorakoid sümüyünə rast gəlinir ki, bu da onun havada asanlıqla süzdüyünü göstərir. Bu səbəbdən, məşhur ornitoloq A. Feduççia da protopteriksin dino-quş nəzəriyyəsinə tamamilə zidd gəldiyini bildirir.27 Digər önəmli fakt da budur ki, sözü gedən fosil təkamülçülərin də “ilk quş” olaraq qəbul etdiyi arxeopteriksdən 20 milyon il daha cavandır. Yəni bu fosilin “quşlara keçid” nümunəsi olması mümkün deyildir. Digər tərəfdən, protopteriks quşların əcdadı kimi göstərilən bir çox dinozavrdan da daha yaşlıdır.28 Bu ziddiyyətə görə də bəzi media protopteriksin kəşfini “yeni fosil quşların dinozavrlardan qabaq yarandığını göstərir” kimi başlıqlarla ictimaiyyətə çatdırdı.29

9. PROTARXEOPTERİKS (Protarchæopteryx robusta) KAUDİPTERİKS (Caudipteryx zoui)

1996-cı ildə Çinin İsyan (Yixian) formasiyasında çalışan işçilər hindtoyuğu boyda fosillər tapdılar. Fosilləri tapan Tszi Tsyan (Ji Qiang) və həmkarı Tszi Şu-An (Ji Shu-An) əvvəlcə bunların tək bir növə aid olduğu və arxeopteriksə də çox bənzədiyi qənaətinə gəldilər. Bu canlıya Protarchaeopteryx robusta adını verdilər. 1997-ci ildə paleontoloq Filip Karri araşdırmaları əsnasında bu 125 milyon illik fosillərin iki ayrı növə aid olduğunu və arxeopteriksə də oxşamadığını gördü. İkinci növə Caudipteryx zoui adı verildi.30 Təkamülçü dairələrdə böyük həyəcana səbəb olan bu fosillər “dino-quş” təkamülünə əsaslı sübutlar kimi irəli sürüldü.31 Təkamülçülər iddia edirdi ki, protarxeopteriks və kaudipteriks bədənləri lələklərlə örtülmüş kiçik dinozavrlar idi, amma eyni zamanda ön ətraflarında və quyruqlarında müasir quşlardakı kimi düzülmüş daha uzun və kompleks quruluşlu lələklər mövcud idi. Həqiqətən də, bu fosillərdəki quş tükləri müasir quşların tükləri ilə eyni kompleks quruluşa malikdir- bu gün uçmayan quşlarda müşahidə edilən simmetrik lələkləri vardır.32 Elə bu fakt da protarxeopteriks və kaudipteriksin dinozavr yox, uçmayan quşlar olduğunu göstərir. Necə ki, mövzu üzrə məşhur mütəxəssislər olan Larri Martin, Stiven Çerkas və Alan Feduççia da dino-quş hekayələrini sərt tənqid edərək bu fosillərin bugünkü dəvəquşular kimi uçmayan quş növlərinə aid olduğunu vurğulamışlar.33 Təkamülçülərin digər bir iddiasına əsasən, bu “dinozavrlar”da quşlardakı kimi biləkləri qıvırmağa imkan verən xüsusi bir sümük var idi. Təkamülçülər bu xüsusiyyətin həmin canlılara ön ətraflarını yelpik kimi açıb-bağlayaraq ovlanma fürsəti verdiyini irəli sürürlər. Həmin bu qanad çırpma prosesinin də guya uçuşun mənşəyini açıqladığı iddia olunur. Halbuki bu iddianın heç bir elmi əsası yoxdur, çünki uçuş sadəcə qanad çırpmaqdan ibarət deyil, zənn ediləndən daha kompleks hərəkətdir.34 Bundan əlavə, kaudipteriksin lələklərindən başqa da bir sıra xüsusiyyətləri vardır ki, onun bir quş növü olduğunu sübut edir. Bunlardan biri də kaudipteriksin otyeyən olmasıdır. İlk vaxtlar kaudipteriks teropod dinozavrı kimi fərz edildiyindən, ətyeyən olduğu qəbul olunurdu.35 Lakin kaudipteriksin nə üst, nə də alt dimdiyində dişləri yox idi, həmçinin bu canlıya aid hər iki fosil nümunəsində əsasən bitki mənşəli qidaları xırdalayan çinədan mövcud idi.36 Otyeyən olmaq və çinədan orqanı sadəcə quşlara xas xüsusiyyətlərdir və teropod sinfindən olan heç bir canlıda müşahidə edilməmişdir.37 Nəticə etibarilə, protarxeopteriks və kaudipteriks dinozavr deyildir, nəsli tükənmiş quşlardır. Bu canlılara dinozavr deyilməsinin tək səbəbi təkamülçülərin belə istəmələridir.

10. CEHOLORNİS (Jeholornis prima)

Pekindəki Onurğalı Paleontologiyası İnstitutundan paleontoloq Çjunhe Çjou və Fuçen Çjan Çində 120 milyon illik bir quş fosili tapdılar.38 Jeholornis prima adı verdikləri bu yeni növ uzun quyruğa malik olması səbəbilə “primitiv quş” kimi qələmə verildi. Halbuki daha öncə də qeyd etdiyimiz kimi, fərqli canlı xüsusiyyətlərini özündə cəmləşdirən növlərə təbiətdə tez-tez rast gəlinir və “mozaik canlı” adlandırılan bu növləri heç təkamülçülər də təkamülə dəlil olaraq irəli sürmürlər.39 Digər tərəfdən, uzun quyruqlu quşlar və piqostilə- qısa büzdümə malik quşlar tarixin müxtəlif dövrlərində, hətta birlikdə yaşamışdırlar. Müasir quşlar kimi piqostilə malik olmuş konfusiusornis hətta ceholornisdən 20 milyon il öncə yaşamışdır.40 135 milyon il yaşı olan Sinornis, 125 milyon illik Iberomesornis və ceholornislə eyni yaşda olan Cathayornis kimi bir çox quş “quyruqsuz” quşlar arasında sayıla bilər.41 Belə olduğu halda, ceholornisin quyruğa malik olması onun heç də primitiv olduğunu göstərmir. “Quşların yaranması” (The Rise of Birds) adlı kitabın müəllifi, Teksas Texniki Universitetindən paleontoloq Sankar Çatterci kitabında ceholornisin ali uçuş qabiliyyəti olan və arboreal həyat tərzi keçirən, yəni ağaclarda yaşayan bir quş cinsi olduğuna diqqət çəkir.42 “Nature” jurnalının baş redaktoru Henri Ci də bu quş üçün: “geniş, güclü qanadları var idi”,- deyir və ceholornisin dənlə qidalanma xüsusiyyətinə diqqət çəkir.43 Həqiqətən də, fosilindən dənlə qidalanmış olduğu məlum olan bu canlı digər bütün xüsusiyyətləri kimi qidalanma tərzi ilə də tam, mükəmməl bir quş olduğunu sübuta yetirir.44 Qeyd edək ki, 2002-ci ildə tapılmış şençjouraptor (Shenzhouraptor sinensis) hal-hazırda ceholornis cinsinə aid edilir.

 

Mənbələr:

  1. Rightmire, G.P., Brain size and encephalization in Early to Mid-Pleistocene Homo, American J. Physical Anthropology, 124:112, 2004; Tattersall, I., The Fossil Trail: How We Know What We Think We Know about Human Evolution, 2nd edn, Oxford University Press, New York, pp. 281, 288, 2009; Cartmill, M. and Smith, F.H., The Human Lineage, Wiley-Blackwell, NJ, p. 431, 2009.
  2. Hublin, J. J. (2009), “The origin of Neandertals”, Proceedings of the National Academy of Sciences106 (38): 16022–7.
  3. “Neanderthal Traits Extant, Group Told” The Arizona Republic (Phoenix), 20 noyabr, 1988, səh. B-5, müsahibə: Ç. Lorinq Breys.
  4. Holly Smith, “Patterns of dental development in Homo, Australopithecus, Pan, and Gorilla”, American Journal of Physical Anthropology, Vol. 94, 1994, səh. 307.
  5. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140; R.L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.
  6. Fathers can be Influential too, 18 Mart 2003: http://www.nature.com/nsu/990318/990318-5.html
  7. Mitochondria can be inherited from both parents , 23 Avqust 2002:http://www.newscientist.com/news/news.jsp?id=ns99992716
  8. Nigel Hawkes, Professor fuels row over Hobbit man fossils, The Times Online, 3 Dekabr 2004
  9. Michael Balter, “Skeptics Question Whether Flores Hominid Is a New Species”, Science, Vol 306, Issue 5699, 1116 , 12 Noyabr 2004.
  10. Heather Catchpole “Tiny Human a Big Evolutionary Tale”, 27 Oktyabr 2004,http://dsc.discovery.com/news/afp/20041025/tinyhuman.html
  11. Kate Wong, “Digging Deeper: Q&A with Peter Brown”, 27 Ekim 2004, http://sciam.com/article.cfm?chanID=sa004&articleID=00082F87-7D35-117E-BD3583414B7F0000
  12. Lister A., et al. Symposia of the Zoological Society of London, 69. 277 – 292 (1996); Marta Mirazon Lahr & Robert Foley, “Human evolution writ small”, 27 Ekim 2004, http://www.nature.com/news/2004/041025/full/4311043a.html
  13. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  14. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  15. Dr. Elizabeth Mitchell, “Is Homo naledi a New Species of Human Ancestor?”, September 12, 2015.
  16. Ceymi Şriv, “Müəmma Adam”, National Geographic Azərbaycan, Oktyabr, 2015, səh. 79; Dr. Elizabeth Mitchell, “Is Homo naledi a New Species of Human Ancestor?”, September 12, 2015
  17. Marc Ambler, “What to make of Homo naledi?: More pseudo-scientific claims of human ancestry”, 22 September 2015.
  18. Tim Bromage, New Scientist, vol. 133, 1992, səh. 38-41.
  19. Old Bird“, Discover, March 21, 1997
  20. Pei-ji Chen, Yuan Wang, Yuan-qing Wang, “The Jehol Fossils: The Emergence of Feathered Dinosaurs, Beaked Birds and Flowering Plants”, Academic Press, 2011, p. 190
  21. Ətraflı məlumat üçün baxın: Ara-keçid forma iddialarına cavab -III- hissə; 8-ci iddia (İxtiornis)
  22. “Old Bird”, Discover, March 21, 1997
  23. “Old Bird”, Discover, March 21, 1997
  24. Zhang, Fucheng; Zhou, Zhonghe (2000). “A Primitive Enantiornithine Bird and the Origin of Feathers“.  Science 290 (5498): 1955–1959
  25. O’Connor, J.K., Zhou Z. and Zhang F. (In press). “A reappraisal of Boluochia zhengi (Aves: Enantiornithes) and a discussion of intraclade diversity in the Jehol avifauna, China.” Journal of Systematic Palaeontology
  26. Zhang, Fucheng; Zhou, Zhonghe (2000). “A Primitive Enantiornithine Bird and the Origin of Feathers”. Science 290 (5498): 1957
  27. Paul Recer, Fossil heightens bird-dinosaur debate, Bangor Daily News, December 8, 2000.
  28. Sinosauropteryx, Beipiaosaurus, Sinornithosaurus, Microraptor, Unenlagia, Bambiraptor və s.
  29. Scientists Say Birds Predated Dinosaurs, ABC News, 8 December 2000
  30. Ann Gibbons, “Dinosaur Fossils, in Fine Feather, Show Link to Birds”, Science, cild 280, 1998, səh. 2051; Jennifer Ackerman, “Dinosaurs Take Wing”, National Geographic, cild 194, 1998, səh. 86-89; D. M. Unwin, “Feathers, filaments and theropod dinosaurs”, Nature, cild 391, 1998, səh. 120.
  31. Ji, Qiang, Philip J. Currie, Mark A. Norell, Ji Shu-An, “Two feathered dinosaurs from northeastern China”, Nature, cild 393, 1998, səh. 753-761; Jennifer Ackerman, “Dinosaurs Take Wing”, National Geographic, cild 194, 1998, səh. 86-89; David E. Fastovsky, David B. Weishampel, The Evolution and Extinction of the Dinosaurs, Cambridge University Press, Cambridge, 1996, səh. 261, 271-272; Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, W. H. Freeman, New York, 1988; Michael D. Lemonick, “Dinosaurs of a Feather”, Time, 6 İyul 1998, səh. 83.
  32. Ann Gibbons, “Dinosaur Fossils, in Fine Feather, Show Link to Birds”, Science, 1998, cild 280, səh. 2051; R. Monastersky, “Feathered Dinosaurs Found in China”, Science News, 1998, cild 153, səh. 404; Kevin Padian, “When is a bird not a bird?”, Nature, cild 393, 1998, səh. 730; Chen Pei-ji, Zhi-ming Dong, Shuo-nan Zhen, “An exceptionally well-preserved theropod dinosaur from the Yixian Formation of China”, Nature, cild 391, 1998, səh. 151-152; Jennifer Ackerman, “Dinosaurs Take Wing”, National Geographic, cild 194, 1998, səh. 90.
  33. Alan Feduccia, “1,2,3 = 2,3,4: Accommodating the cladogram”, Proceedings of National Academy of Sciences, cild 96, no. 9, 27 Aprel 1999, səh. 4740-4742; Martin, Larry D. (2004). “A basal archosaurian origin for birds”. Acta Zoologica Sinica 50 (6): 978–990;  Martin, L.D.; Czerkas, S.A. (2000). “The Fossil Record of Feather Evolution in the Mesozoic”. American Zoologist 40 (4): 687–694.
  34. David Anderson, Scott Eberhardt, “A Physical Description of Flight”; David Anderson and Scott Eberhardt, “Understanding Flight”, McGraw-Hill, 2001.
  35. David E. Fastovsky, David B. Weishampel, The Evolution and Extinction of the Dinosaurs, Cambridge University Press, Cambridge, 1996, səh. 261, 284-287.
  36. Ji Qiang, Philip J. Currie, Mark A. Norell, Ji Shu-An, “Two feathered dinosaurs from northeastern China”, Nature, cild 393, 1998, səh. 759; David E. Fastovsky, David B. Weishampel, The Evolution and Extinction of the Dinosaurs, Cambridge University Press, Cambridge, 1996, səh. 435; Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, New Haven, CT, 1996, səh. 5, 281-282.
  37. David E. Fastovsky, David B. Weishampel, The Evolution and Extinction of the Dinosaurs, Cambridge University Press, Cambridge, 1996, səh. 125, 182, 254-255.
  38. Zhou, Z.-H. and Zhang, F.-C. (2002). “A long-tailed, seed-eating bird from the Early Cretaceous of China.” Nature, 418(6896): 405-409.
  39. J. Gould,N. Eldredge, Paleobiology, cild 3, 1977, səh. 147.
  40. Bax: Ara-keçid forma iddialarına cavab -III- hissə; 6-cı iddia (Konfusiusornis)
  41. Sankar Chatterjee, The Rise of Birds: 225 Million Years of Evolution, Johns Hopkins University Press, 2015, p. 127; 131
  42. Sankar Chatterjee, The Rise of Birds: 225 Million Years of Evolution, Johns Hopkins University Press, 2015
  43. Henry Gee, “Early bird ate seeds”, Nature, 25 July 2002
  44. Zhou, Z. & Zhang, F. A long-tailed, seed-eating bird from the Early Cretaceous of China. Nature 418, 405 – 409 (2002)