Kateqoriyalar

X«insanabənzər» nağılı: denisovanlar

Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Denisovan insanı necə quraşdırıldı?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. Denisovanlar əldə heç bir dəlil olmamasına baxmayaraq, bugünkü insandan, guya, fərqli insan növü və müasir insanın sanki bir yarımnövü kimi tanıdıldı.

Darvinistlərin iddia etdiyinə görə, nəsli kəsilən denisovanlar eynilə neandertallar kimi Afrikadan 400-500 min əvvəl çıxmışdılar. Neandertallar Avropaya yayılmış, denisovanlar da Asiyaya köç etmişdilər.

Yenə iddiaya görə, denisovanlar təqribən 40-50 min il əvvəl də sonradan Afrikadan köç edən bugünkü insanların əcdadları ilə gen mübadiləsi aparmışlar. Bu minvalla, bu gün Papua Yeni Qvineya bölgəsində yaşayan insanların genlərinin 4%-i denisovanlara məxsus göstərilir. Ancaq denisovanlar nə Asiyanın digər bölgələrindəki insanlara, nə də Avstraliya, Yeni Zelandiya, İndoneziya kimi digər cənub-şərqi Asiya insanlarına gen ötürmüşlər.


__________________________________________________________________________

BARMAQ SÜMÜYÜNÜN BİR HİSSƏSİ VƏ İKİ DİŞ NECƏ “YENİ NÖV” ELAN EDİLDİ?

Bir çox elmi tədqiqat və məqalənin mövzusu olan, həyatı haqqında hekayələr uydurulan bu «insanabənzər növ» görəsən hansı fosil tapıntılarına əsaslanırdı? Bu fosillər əsasında necə gen xəritələri çəkilir, hətta insanın dünyadakı köç xəritələri və gen mübadilələri izah edilirdi? İndi bütün bunların heç bir dəlilə əsaslanmadığını və məntiqsizliyini birlikdə görək:

Fosillərin tapıldığı mağara, əslində, qədim dövrlərdə bir çox insan cəmiyyətinin, hətta heyvanların evi olmuşdur. Əmək alətləri və bəzək əşyalarına da eyni qatlarda rast gəlinib. Bu qədər çox fosil qalıqlarının mövcud olduğu mağaradakı 0,5 sm diametrli sümük parçasının, guya, yeni insanabənzər növün sağ əl, 5-ci barmaq, orta falanqa ucuna aid olduğu iddia edildi. Buna daha sonra iki azı dişi də əlavə edildi. Azı dişlərinin diametri bir az geniş, kökləri xaricə doğru meyilli idi. Bunu da özlərinə məxsus tərzdə şərh edən darvinistlər tapılan qalıqların bugünkü insanlara aid olmadığını irəli sürdülər.

  


________________________________________________

Əvvəla, tapılan sümük qalığının forma etibarilə barmağa, yoxsa başqa bir bədən üzvünə aid olduğu şübhəli olduğu halda, bunun fərqli növə aid olduğunu söyləmək ağıldan və elmi metoddan uzaqlaşmaq deməkdir. Tapılan azı dişi bugünkü insanlarınkından cüzi fərqlənsə də, bu qalıqların yeni canlı növünə aid olduğu mənasına gələ bilməz. Dövrümüzdə fərqli ölkələrdə yaşayan insanları belə müqayisə etdikdə, morfoloji fərqlərə malik kifayət qədər çox nümunə görmək mümkündür. Bu, yaşa, cinsiyyətə, yaşanılan bölgənin şəraitinə, görülən fiziki işin ağırlığına, qidalanma vərdişlərinə və ya istehlak edilən qidaya görə genlərin icazə verdiyi səviyyədə fərqli olur. Hətta müxtəlif gen və ya sümük xəstəliklərində, ciddi deformasiyalara rast gəlmək mümkündür.

Tapılan bir və ya iki nəfərə aid fosildən ümumiləşdirmə edərək bəşəriyyət tarixini yazmağın məntiqsizliyi elə bu mərhələdə ortaya çıxır. Qaldı ki, bu fosillərin doğru olduğunu fərz etsək belə, genetik, hormonal və ya sümük xəstəliyi olan bir insana aid olmadığını göstərən sübut da yoxdur. Bu səbəbdən bir şəxsdən ümumiləşdirmə aparmaq elmdənkənar metoddur.

DENİSOVAN FOSİLLƏRİNİN GENETİK XƏRİTƏSİNİ ÇƏKMƏK CƏHDLƏRİ

Denisovan fosillərini tədqiq edən elm adamları «dəlilləri»ni gücləndirmək üçün tapılan fosil qalıqlarının gen xəritəsini çıxardıqlarını iddia etdilər. Fosil qalıqlarından genetik ardıcıllıq əldə etməyin yeni üsullarını inkişaf etdirmişdilər və iddialarına görə;

  • Denisovan fosilinin insan genomundan bəzi fərqləri var.
  • Dövrümüz Papua-Yeni Qvineya insanı 4% nisbətində denisovan geni daşıyır.
  • 50 min il əvvəl denisovanların insan olan əcdadları ilə sosial həyatları olmuş və sonra cənub-qərbi Asiyada tapılan Papua bölgəsinə köç etmişlər.
  • Bütün bunların içində ən qəribə olanı isə, denisovan genlərinin dövrümüzdə yaşayan başqa heç bir insan nəslinə keçmədiyi iddiasıdır.

Bu iddiaları elmi cəhətdən təkzib etmədən əvvəl önəmli bir məqamı yada salmaq faydalıdır: bütün bu ehtimallar təkcə fosil qalıqları üzərində aparılan tədqiqatların şərh edilməsi ilə ortaya atılır. Ona görə də bu şərhlərin elmi olaraq heç bir əsası və etibarı yoxdur.

FOSİL DNT DÜZÜLÜŞÜ NİYƏ ETİBARLI DEYİL?

Məlum olduğu kimi, insan genomu layihəsi ilk nəticələrini 2003-cü ildə verdi. Yaşayan fərdlərdən alınan, bütöv və işləməsi nisbətən asan olan insan DNT-si açıqlandıqdan sonrakı 13 il ərzində bir neçə dəfə nəzərdən keçirilib, çatışmazlıqları və yanlışları düzəldildi. Bu günə kimi 7-8 fərdə aid gen xəritəsi ancaq hazırlana bilib. İnsan genomunun təqribən 3,4 milyard əsas cütündən meydana gəldiyi məlum oldu və bunların da sadəcə mində bir qədər, hətta daha kiçik fərqə sahib olduğu, bu fərqlərin gen kodlaşdıran sahələrdə olmadığı, əksəriyyətinin immun sisteminin tələbi olan MHC geni kimi fərq tələb edən sahələrdə yerləşdiyi məlum oldu.

Yaşayan insandan alınan DNT-də tətqiqat aparılması üçün belə inkişaf etmiş texnologiyaya ehtiyac olduğu düşünüldükdə, fosil qaynaqlı DNT tədqiqatının kifayət qədər çətin olduğu görünür. Bu çətinlikləri qısa olaraq bu şəkildə qeyd edə bilərik:

1- Çirklənmə (digər təbii tullantıların qarışması) problemi:

Tədqiqat aparılan DNT-nin saflaşdırılması əsnasında istifadə edilən metodun etibarlılığı çox önəmlidir və xəta etməmək lazımdır. Fosil DNT incələməsində, əslində, ən böyük problem digər təbii tullantılarla qarışma ehtimalıdır. Yuxarıda da dediyimiz kimi, denisovan fosillərinin tapıldığı sahə çox fərqli insan və heyvanın yaşadığı yer olub. Ona görə də bu canlıların DNT-si fosil DNT-sinə qarışıb. Bunlara mikroorqanizmlərin və müxtəlif həşəratların DNT-si də əlavə edildikdə qarışıq DNT hovuzu ilə rastlaşırıq. Bu halda, fosil DNT ilə bağlı aparılan işlərdə xətaya yol verilməməsi ehtimalı, demək olar ki, yoxdur. Belə ki, jurnaldakı yazıda da denisovan insanı fosilinə aid hissənin ancaq 0,17 % olduğu bildirilir.

2- Fosil DNT-lərinin parçalanmış halda tapılması problemi:

İnsan DNT-si 3,4 milyar əsas cütündən meydana gələn möhtəşəm kitabxanadır. Yaşayan insandan əldə edilən DNT-nin düzülüş və xromosom düzülüşünü müəyyən etmək mümkündür. Ancaq fosil DNT aradan keçən on minlərlə ilin təsirindən parçalanmış haldadır. Bir çoxu ən çox 50-70 azot əsası düzülüşünə malikdir. Bütün DNT düşünüldükdə, 50-100 milyon hissədən bəhs etmək lazımdır. Bu vəziyyəti 100 milyon hissədən ibarət krossvorda oxşatmaq yanlış olmaz. Üstəlik, bu krossvordu doldurmaq üçün əlinizdə doğruluğunu bildiyiniz hər hansı bir şablon da yoxdur.

Məqalədə bu problemi həll etmək üçün şablon olaraq dövrümüzə aid insan və şimpanze genomundan istifadə edildiyi bildirilir. Bəs araya qarışmış başqa canlılara aid DNT-lərin ayırd edilməsi necə aparılacaq? Onsuz da, insan genomundan fərqlərin ortaya qoyulmağa çalışıldığı bir araşdırmada şablon olaraq insan genomunun istifadə edilməsi, əlbəttə ki, elmi metod olaraq doğru deyil və nəticələrinə etibar edilə bilməz.

3- Kimyəvi və fermentativ problemlər

Fosil DNT-nin keçirdiyi illər boyunca təbii mühitində kimyəvi dəyişikliklər də nukleotid zəncirində dəyişikliklərə səbəb ola bilir. Bununla yanaşı, DNT-ni hazırlamaq üçün istifadə edilən urasil qlikozidaza və endonukleaza kimi fermentlər də düzülüş strukturunu pozur. Həmçinin DNT-ni çoxaltmaq üçün istifadə edilən PCR texnikası da xətadan sığortalanmayıb.

4- Ümumi xəta payının 1,5 % qəbul edilməsi

Bütün bu problemlərlə yanaşı məqalədə qəbul edilən xəta payının 1,5 % olması da başqa bir problemdir. Çünki yenə iddiaya görə, denisovan fosilləri ilə bugünkü insanın gen düzülüşü arasında axtarılan fərq də elə bu qədərdir. Bu halda, fərqin həqiqi, yoxsa xətaya bağlı olduğu da yenə şübhəli olacaq. Xülasə, bütün bunlar elmdən uzaq, ideologiyaya görə elmi yanlış istiqamətləndirən amillərdir.

TƏKAMÜL ELMDƏN UZAQ EHKAMDIR

Elmi nəticələr bir nəzəriyyəni dəstəkləyirsə, doğru qəbul edilməli, dəstəkləmirsə, nəzəriyyə rədd edilməlidir. Bu, təkamülə də aid olan bir qaydadır. Denisovan adamı misalında da göründüyü kimi, darvinistlərin təkamülü mübahisəsiz mənimsədikləri və bu ehkam əsasında iş gördükləri üçün elmdən uzaq, tamamilə ideologiyaya bağlı yönləndirmələrlə qarşılaşırıq. Bunu darvinist hər nəşrdə, hər universitetdə, hər kitabda görmək mümkündür. Əlbəttə ki, darvinist qərəzli açıqlamaların heç bir elmi tərəfi yoxdur. Elmi metod ehkam və ya ideologiya nəzərə alınmadan və heç bir şəkildə məhdudiyyət qoymadan araşdırma aparmağı tələb edir. Bu günə qədər istisnasız aparılan bütün fosil tədqiqatlarının nəticələri və həyatın kompleks quruluşu canlılığın bir anda və qüsursuz şəkildə ortaya çıxdığını göstərir. Bu da təkamülün olmadığının ən açıq dəlillərindəndir.

TƏKAMÜL NAÄžILLARINI STATİSTİK HESABLAMALARLA BƏZƏMƏK FAYDA VERMƏZ

Təkümülçülərin, guya, təkamül nəzəriyyəsinə sübut tapma cəhdləri kompyuter şəraitində apardıqları statistik hesablamalarla da davam edir. Denisovan fosillərinin gen düzülüşləri ilə bağlı fərqlilik ortaya qoyma cəhdi də bundan irəli gəlir. Çünki təkamül nəzəriyyəsi canlıların ortaq əcdaddan yavaş-yavaş və zaman keçdikcə meydana gələn genetik düzülüş dəyişikliklərini zəruri edir. Darvinistlərin öz zənləri ilə çəkdikləri xəyali təkamül ağacına görə, yaxın qohumlarla gen düzülüş fərqi az olmalı, qohumluq uzaqlaşdıqca gendəki fərq artmalıdır. Bunun statistik dildəki adı da “divergence”dir. Hətta bu hesabları darvinistlər daha da irəli aparırlar. İki canlı geni arasında fərq dərəcəsinə görə, ortaq əcdaddan nə vaxt ayrıldığını müəyyən etməyə çalışırlar. Məsələn, insan geni ilə şimpanze geninin 95-98% oxşarlığı iddia edilib aparılan hesabla ortaq əcdadın 6 milyon il əvvəl yaşadığı güman edilir. neandertalların Afrikadan çıxmasını 400-500 min il əvvəllə aid etmə də yenə bu statistik hesablama ilə edilir. Halbuki ortaq əcdadın varlığına dair cüzi də olsa dəlil yoxdur. Ancaq bəzi elmi jurnallarda bu yazıları oxuyanlar alimlərə etibar edir, bu ehtimalların doğru olduğunu düşünürlər. Təkcə kompyuter şəraitindəki hesablamalardan ibarət iddialarla yeni təlqin metodu ilə təkamül təbliğatı aparılır. Aparılan bu kimi işlərə təkamülçü dairələrdən də tənqidlər gəlir. Leypsiq İnstitutundan Riçard E.Qrin və Harvard Universitetinin tibb fakültəsindən olan Devid Reyx bu şəkildə şərh verirlər:

“Görülən iş kompleks riyazi statistikalara əsaslanır və bu da müdafiə etdikləri şeyin həqiqiliyini sual altına salır. Statistik baxış bucağı bilgi yüklü olmasına baxmayaraq, arxeoloji tapıntılarda konkret qarşılığını tapa bilmir”. (http://www.nytimes.com/2010/05/07/science/07neanderthal.html)

DENİSOVAN FƏRQLİ CANLI NÖVÜ DEYİL, İNSANDIR

Aparılan araşdırmalardan əldə edilən nəticələr denisovan fosillərinin fərqli növə aid olduğunu göstərməkdən kənardır. Əksinə, məqalədə bugünkü insanla eyni olduğunu göstərən dəlilləri də görürük. Sözü gedən məqalədə denisovan adamının 40-50 min il əvvəl yaşadığı ehtimal edilən insan əcdadları ilə münasibətdə olduğu spekulyasiyası aparılır. Bu spekulyasiyanı həqiqi hesab etsək belə, denisovan fosilinin insanla eyni növ olduğunun yeni bir dəlili ortaya qoyulmuş olar. Məlum olduğu kimi, təkcə eyni növə aid fərdlər bir-birilə çoxalma xüsusiyyətinə malikdir. Genlərin meyoz bölünmə əsnasında cütləşib sağlam şəkildə ötürülməsi ancaq bərabər miqdarda xromosoma və eyni genlərə sahib olmaları ilə mümkündür. Stanford Universitetindən paleontoloq Riçard Kleyn bu mövzuda bunları deyib:

“Cütləşmə nəzəriyyəsinin arxeoloji zəmində qarşılığını tapmadığı görünür. Dedikləri təkcə “bunlar bizim məlumatlarımızdır, qəbul etməlisiniz” formasındadır. Araşdırdığım hissəsi problemli olan bu işin qalanı barədə də narahatam”. (http://www.nytimes.com/2010/05/07/science/07neanderthal.html)

EYNİ GENLƏR VƏ FƏRQLİ İNSANLAR

Dövrümüzdə və keçmişdən bu günə kimi yaşamış bütün insanların genetik quruluşu eynidir. İnsanların fərqli xarici görünüş, boy, göz-dəri rəngi kimi xüsusiyyətlərinin ortaya çıxmasını təmin edən əsas amil isə genlərin iş görmə vaxtı və sürətindəki fərqlərdir. DNT üzərində asetil və metil kimi molekullarla aparılan işarələmə yolu ilə hansı genin hansı hüceyrədə nə zaman və neçə müddət işlədiyi məlumdur. Bu hal genlərin dəyişən şərtlərə və ehtiyaclara görə açılıb bağlanması olaraq bilinir. Hər an davam edən bu möhtəşəm nizamlama və aktiv nəzarət sistemi yenə müəyyən DNT sahələri tərəfindən idarə edilir. Çox həssas nizama ehtiyacı olan bu nəzarət mexanizmini təkcə genetik düzülüşlə izah etmək isə qeyri-mümkündür. DNT kodlarının ağıllı həll yolları irəli sürmələri kimi xüsusiyyətlər DNT-nin özünə aid edilə bilməz. Həmin idarəedici sahələri idarə edən bir ağıl olmalıdır. Yuxarıda bəhs etdiyimiz kimi, insan genomu layihəsinin ilk məlumatlarına görə, insanlar arası genetik ardıcıllıq fərqi 0,1 %-dən azdır. Bu fərqlərin çoxu genetik xəstəliklərə yol açan dəyişikliklər və MHC zülal geni kimi hər birimizi digərindən ayıran və yad kimi qəbul edilməsinə səbəb olan düzülüş fərqlərindən irəli gəlir. Bundan başqa həyati əhəmiyyətli funksiyalarımızı saxlayan genlər hamımızda eynidir. Məlum olduğu kimi DNT düzülüşündə tək bir hərfin dəyişməsi, yaxud bir nukleotidin əlavə edilməsi və ya çıxarılması istehsal edilən zülalın xarab olmasına səbəb olur. Çox kiçik mutasiyalar belə xəstəliklər və ya ölümcül nəticələrə səbəb ola bilər. Bu səbəbdən insan cəmiyyətləri arasında movcud olan fərqlərin açıqlanmasında təsadüfi mutasiyalara yer yoxdur. Fərqli insan növlərinin ortaya çıxması genlərin açılıb bağlanması və növ daxilindəki variasiyaya görədir.

İBTİDAİ İNSAN HEÇ VAXT MÖVCUD OLMAYIB

Göründüyü kimi, təkamül düşüncəsi elmi prinsiplər işığında deyil, ideoloji əsaslar üzərində yaşadılmağa çalışılır. Cəmiyyətdə irqçi fikirləri qidalandıran, separatçı cərəyanların əsas istinad nöqtəsi olan darvinist ideologiya ibtidaidən müasir insana doğru nəsil nağılı uydurub. Bunu qüvvədə saxlamaq üçün də keçmişdə yaşamış və hələ insan ola bilməmiş, yəni «təkamülü tamamlanmamış» heyvan növlərinə ehtiyac var. Bu səbəbdən darvinistlər tez-tez ibtidai «insanabənzər» növlər ortaya çıxarırlar. Denisovan insanı da bu ibtidai insan nağılına uyğun fiqur olaraq uydurulub. Aydındır ki, əgər belə bir insan yaşayıbsa da, insandır və bizdən heç bir fərqi yoxdur. Nəsli tükənmiş insan irqi də olsa, heç bir şəkildə «ibtidai insan» yoxdur. Afrikadan Amerikaya, Avropaya və Asiyaya qədər hər yerdə insan insandır. Dünyada insan hər zaman insan olaraq mövcud olmuşdur.

 

İSTİNADLAR:

  1. http://www.sciencemag.org/news/2016/03/our-ancestors-may-have-mated-more-once-mysterious-ancient-humans
  2. http://www.nature.com/nature/journal/v468/n7327/full/nature09710.html
  3. http://evolution.berkeley.edu/evolibrary/article/evo_01
  4. Richard E. Green, , 710 (2010)
  5. http://www.nytimes.com/2010/05/07/science/07neanderthal.html