3 KEMBRİ CANLILARI - Paleontologiya.az

Kateqoriyalar

KEMBRİ CANLILARI

 

Milyard illər ərzində tənha və səssiz şəkildə varlığını davam etdirmiş yer üzü… Ətrafda yeriyən, ov ovlayan, səs çıxaran, qidalanan heç bir canlı yox idi. Sadəcə bakteriyalar və digər birhüceyrəlilər mövcud idi. Mikroorqanizmlərlə keçən milyon illərin ardınca bu dəfə yumşaq toxumalı, birdən çox hüceyrədən təşkil olunmuş kiçik canlılar meydana çıxdı. Birhüceyrəli mikroorqanizmlər və çoxhüceyrəli molyusklar… Sonra ani surətdə yer üzündə hərəkətlilik başladı. Yer üzünün böyük hissəsi bir-birindən tamamilə fərqlənən və dövrümüzdəkilərə bənzər kompleks xüsusiyyətlərə malik dəniz canlıları ilə dolub-daşmışdı. Yer üzündə yeriyən, ov ovlayan, görən, hiss edən, sosial həyatı və yaşayış tərzi olan canlılar hökm sürürdü. Belə ki, bu canlılar bir-birlərindən o qədər fərqlənirdilər ki, heç biri digərinin xüsusiyyətlərini daşımırdı. Bu fərq o qədər böyük idi ki, bir canlını digəri ilə eyni kateqoriyaya daxil etmək mümkün deyildi.

Bu qədər müxtəlifliyin ortaya çıxması sadəcə 5 milyon il çəkmişdi. Ardınca bir qismi məhv oldu. Malik olduqları bütün xüsusiyyətləri dənizlərin dibində qoyaraq...

Kembri dövründə  bir-birindən tamamilə fərqlənən yüzlərlə canlı növü  dövrümüzdəkilərə bənzər kompleks xüsusiyyətlərlə ani surətdə  ortaya çıxmışlar. Bu canlıların fosilləri dünyanın müxtəlif bölgələrində tapılmışdır.

Bir canlının bütün xüsusiyyətlərinin daş üzərində qalması Allahın yaratdığı çox böyük möcüzədir. Ölümündən sonra çürüməli, torpağa qarışmalı olan canlının bəzən lamisə orqanları, həzm sistemindən sinir çıxıntılarına qədər bütün detalları qalmışdır. Varlığının bütün dəlilləri milyonlarla il yaşı olan süxurlarda nümayiş olunur. Allahın möhtəşəm yaratması və heyranedici sənəti Allahın istədiyi şəkildə göz önündədir. Allah bu mükəmməl sənətin ən böyük dəlilllərindən bəzilərini Kembri canlıları ilə vermişdir.

 Qorunmuş fosillərdən bəziləri

 Bu bölmədə Kembri təbəqələrində tapılmış təqribən 530 milyon il əvvələ aid canlıların xüsusiyyətlərindən bəhs olunacaq. Canlıların latınca adları ümumi məlumat vermək üçün işlədilmişdir. Əsas məqsəd bu dövrdə ortaya çıxmış canlıların müxtəlif kompleks xüsusiyyətlərə malik olduğunu, dövrümüzdəki canlılara çox bənzəyən, hətta bəzən daha fərqli və özünəməxsus orqanları olduğunu göstərməkdir. Dövrümüzdən təqribən 530 milyon il əvvəl yaşamış bu canlıların çox mükəmməl detallar və gözəlliklərlə yaradıldığını dəlillərlə nəzərə çatdırmaqdır. Onların təkamül nəzəriyyəsinin iddialarını tam mənada çürüdən möhtəşəm əsərlər olduğunu göstərməkdir.

Fosillərin xüsusiyyətləri əsasən bu məqsəd üçün verilir. Uca Allaha iman gətirənlər üçün, əlbəttə, belə canlıları 500 milyon il əvvəl də, indi də görmək təəccüblü deyil. Sonsuz elm və qüvvət sahibi olan Allah onları istədiyi zamanda, istədiyi şəkildə və yerdə yaratmağa qadirdir.

Bu canlıların üzərində dayanmağımızın və xüsusiyyətlərini qabartmağımızın başqa bir məqsədi də Kembri canlılarının 500 milyon il əvvəl ortaya çıxmasına təəccüblənən təkamülçülərin həqiqəti görməsini təmin etmək və onlara kor-koranə tabe olan insanları maarifləndirməkdir. Canlıların tarixində heç bir təkamül prosesi baş verməyib. Xüsusiyyətlərini sadalayacağımız canlıların hamısı heç bir əcdadı olmadan ortaya çıxan, heç bir inkişaf mərhələsi olmadan kompleks xüsusiyyətlərə malik olan canlılardır.

Kembri canlılarının fosillərinin xüsusiyyətlərindən biri yaxşı qorunmalarıdır. Normal şərtlərdə meydana gələn fosilləşmədə canlıların xarici qabıqlarındakı xitin və kalsiumdan ibarət bərk hissə parçalanmalıdır. Ancaq Kembri təbəqələrindən toplanan nümunələrin böyük qismində xarici skeletin, demək olar ki, bütövlükdə orijinal forması qorunub, bundan əlavə, canlıların ən əsas daxili sistemləri açıq-aydın görünür.

Müxtəlif bölgələrdə aparılan tədqiqatlar Kembriyə aid tapılmış bütün fosillərin müxtəlif xüsusiyyətlərini ortaya çıxarır. Bu canlıların başı, bədəni müxtəlif kompleks hissələrdən ibarət mədə-bağırsaq sistemi var. Bəzilərinin dörd ayağı, bəzilərinin isə on iki ayağı var. Bəzilərinin qabığı, bəzilərinin bığcıqları, bəzilərinin qəlsəmələri var. Qısası, dövrümüzün canlılarına bənzəyən hər bədən quruluşuna malik və  əksəriyyətinin nəsli kəsilmiş daha çox canlı Kembri dövrünün dənizlərində mövcud olmuşdur. Bu fosillərdən bəziləri aşağıdakılardır:

 

Marella

Marella. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 520 milyon il

Marella. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 520 milyon il

Uolkotun “krujevalı yengəc” adlandırdığı Marella Burqes Şeyl fosilləri arasında ən çox rast gəlinənlərdəndir. Təkcə Uolkot Kuoridə (Walcott Quarry – Uolkotun adının verildiyi fosil sahəsi) 15.000 Marella nümunəsi toplanmışdır. Marella üçölçülü şəkildə bütün xüsusiyyətləri ilə qorunub. Marella-nın maraqlı baş hissəsi, çölə doğru qıvrılan iki çıxıntısı var. Bu çıxıntılar canlının bütün bədəni boyu uzanır. İki cüt bığcığı var. Bunlardan bir cütü kiçik hissələrdən ibarət çıxıntılardır. Digərinin isə kol şəklində getdikcə nazilən ucları var. Marella-nın bədəni getdikcə kiçilən halqalar şəklində hissələrdən təşkil olunmuşdur və bu hissələrin hər birindən bir cüt ayaq uzanır. Kiçik üzvi maddələr və kiçik canlılarla qidalandığı zənn edilən bu canlının bığcıqlarının suyun səthindəki həmin kiçik hissəcikləri topladığı ehtimal olunur. Ayaqların xarici hissəsindəki tüklü çıxıntılar isə tənəffüs üçündür.1

Canadaspis

Canadaspis. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Canadaspis. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Canadaspis, demək olar ki, bütün xüsusiyyətləri ilə birlikdə qorunmuş fosildir. Canlının iki tərəfindən sanki rəzə (cəftə) ilə bitişdirilmiş şəkildə iki havalandırma qapaqcığı var. Qarın və qırtlaq nahiyəsi olduğu kimi görünür. Mədə-bağırsaq sistemi də çox aydındır. Canadaspis-in ayaqları iki hissəyə bölünmüşdür. Daxili hissə bölmələr şəklindədir və yeriməyə xidmət edir. Burada yerləşən ayaqların uc hissələri kiçik qısqaclar şəklində qıvrılır. Qanadabənzər xarici hissə isə qarının yerləşdiyi nahiyədəki havalandırma qapaqcıqlarının həmin hissədən çölə doğru çıxmış vəziyyətdədir. Bu qanadabənzər çıxıntılar üzmək və eyni zamanda oksigen qəbul etmək üçün istifadə olunur. Ayaqlarından kiçik üzvi hissəcikləri (orqanik parçalar) tapmaq məqsədilə torpağı qazmaq üçün istifadə etdiyi düşünülür.2

 

Hallucigenia

Hallucigenia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Hallucigenia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Tikanlarına görə bu canlı Burqes Şeyl fosillərinin ən maraqlılarından biridir. Hallucigenia-nın bədəninin müxtəlif hissələrində tükcüklərdən təşkil olunmuş çıxıntılar var. Bundan fərqli olaraq, canlının tikanları var, bu tikanların dibində yuvarlaq qabartılar var. Canlının bütün çıxıntıları mədəyə dar boru ilə birləşir. Bu borular gövdə boyu uzanır. Çox kompleks quruluşa malik Hallucigenia Kembri canlılarının dövrümüzdəki canlılardan nə qədər fərqləndiyini göstərən açıq-aşkar nümunələrdəndir.

Çində tapılan Hallucigenia nümunələri isə bu canlının yeni və daha maraqlı xüsusiyyətlərinin tapılmasına səbəb olmuşdur. Burada tapılan Hallucigenia fosillərinin zirehli yumruları var. Hallucigenia, yuxarıdakı şəkillərdə də göründüyü kimi, üstündə yuvarlaq çıxıntıları və bel nahiyəsində bir-birindən ayrılmış təbəqələr olan tırtılabənzər canlıdır. Yeni müəyyən edilmiş xüsusiyyətlər Hallucigenia-nın belindəki tikanabənzər formaların müdafiə məqsədli olduğunu təsdiqləyir. Alt nahiyədə isə qısqac şəklində yeddi cüt ayaq yerləşir.3

 

Odaraia

Odaraia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Odaraia funksional xüsusiyyətlərilə Burqes Şeylin ən nəzərəçarpan canlılarındandır. Canlının iki çox böyük gözü var. İki havalandırma qapaqcığı qarnının altındadır. Quyruq hissəsində üçpərli ventilyatora bənzəyən çıxıntılar var. Hava qapaqcıqları ön hissədə gözlərin yerləşdiyi yeri açmaq üçün ani surətdə dayanırlar. Bu canlının fəal üzgüçü olduğu və böyük gözlərindən qidalanmaq məqsədilə kiçik canlı orqanizmləri axtarmaq üçün istifadə etdiyi başa düşülür. Odaraia-nın yuxarıdan aşağıya doğru üzmək qabiliyyəti olduğu ehtimal olunur. Beləliklə, sürtünmə böyük hava qapaqcıqlarının köməyilə minimum səviyyəyə endirilir. Çıxıntıları sayəsində canlı üzür. Odaraia-nın baş hissəsindəki çıxıntılar kiçikdir. Bu da kiçik bığcıqların və güclü alt çənənin olduğunu göstərir.4

 

Anomalocarid

Anomalokarid. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Anomalokarid. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Anomalokarid Burqes Şeylin ən böyük canlılarındandır. Təqribən 45-60 sm-ə uzunluğunda olan boyu bəzən 1, hətta 2 metrə çatır. Ananasa bənzəyən ağız quruluşu olan bu canlının ovunu tutmağa kömək edən çıxıntıları var. Ən böyük çıxıntılar başın ön hissəsindən çölə doğru çıxanlardır və bunlardan ovunu tutmaq üçün istifadə etdiyi ehtimal olunur. Anomalokarid-in güclü çənəsində xüsusi sıralanmış dişləri var. Ən böyük çıxıntıları olan Anomalokarid-də bu orqanların uzunluğu təqribən 20 sm-dir. Çənə ovu tutacaq şəkildə açılır və ovu ağzına götürmək üçün müxtəlif sistemlərlə işləyir. Anomalokarid-in yan nahiyəsi yuvarlaq hissələrdən təşkil olunmuşdur, bunlar, güman ki, üzməyə kömək edir.5

Dövrümüzdəki akulalar kimi Anomalokarid-lər də öz mühitləri ilə mükəmməl uyğunluq təşkil edən yırtıcılar idi. Elm adamları nəsli kəsilmiş Anomalokarid-ləri hər hansı canlı tipi ilə əlaqələndirmək üçün çox çalışdılar. Ancaq mübahisələrdən sonra Anomalokarid-lər də özlərinə xas olan tipə daxil edildilər.6

 

Pikaia ( Neştərçə)

 Pikaia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Pikaia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Uolkot Pikaia-nı əvvəlcə dəniz soxulcanı adlandırmışdı. Ancaq müxtəlif xüsusiyyətlərinə görə onurğalıların da daxil olduğu xordalılar tipinə daxil edilmişdir. Canlı bu tipin Kembridəki ilk təmsilçisidir. Canlının ön hissəsində bir cüt qısa lamisə orqanı var. Bədəni “S” şəklində qıvrılmağa kömək edən qalın əzələ parçalarından təşkil olunmuşdur. Quyruq üzgəc formasında açılmışdır. Pikaia yerin, demək olar ki, üzərində üzür. Əzələlərindən istifadə edərək özünü dalğalandırır və bu şəkildə hərəkət edir. Üzgəcləri hərəkət etdirən xüsusi sistemə malik olduğu güman edilir.7

 

Opabinia

Opabinia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Opabinia. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Fosilləri erkən Kembri yataqlarında əldə edilən Opabinia xüsusiyyətləri ilə digər canlılardan fərqlənir. Bədəni hissələrdən təşkil olunmuşdu və yumşaq qabığı var idi. Başında beş ədəd gözü var idi. Ən maraqlısı isə, burnunda xortum kimi orqan və ucunda da yengəc qısqacına bənzəyən qısqacları var idi. Güman ki, bu orqanından ovunu tutmaq üçün istifadə edirdi.8 Bədəninin hissələrinin hər birində qoşa qəlsəmə var idi. Ən arxadakı üç hissə quyruğu təşkil edirdi. Elm adamları Opabinia sayəsində yumşaq bədənli Burqes Şeyl faunasının zənn edildiyindən də kompleks və müxtəlif olduğunu anlayıblar.

 

Insolicorypha

Insolicorypha. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Insolicorypha. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Təkcə bir nümunəsi tapılan bu Burqes Şeyl fosili çox nazik olmasına baxmayaraq yaxşı qorunmuşdur. Baş hissə qəribə şəkildə iki hissəyə bölünür. Bu çıxıntıların hər ikisinin hiss etməyə yaradığı məlum olmuşdur. Bədən hissəsi 19 bölmədən təşkil olunmuşdur. Bədəndə üç ədəd lamisə orqanına bənzəyən çıxıntı var. Insolicorypha-nın gövdəsindən çıxan çıxıntıların hər biri 30-40 tükcükdən ibarətdir. Insolicorypha-nın ətrafında üzgəcə bənzər tüklü çıxıntıların olması da bu canlının fəal üzgüçü olduğunu göstərir. Canlının fəal üzgüçü olması, eyni zamanda, onun nadir tapılmasının səbəbini açıqlayır. Çünki fəal üzgüçülər, əsasən, dənizin dibində yaşamadıqlarına görə sürətlə hərəkət edib yerini dəyişən laylar və qum təbəqələrinin arasında qalıq qoymaya bilərlər. Bu canlı dövrümüzün canlıları ilə əlaqələndirilə bilmədiyinə görə özünə xas Insolicoryphidae ailəsinə daxil edilmişdir.9

 

Branchiocaris

Branchiocaris. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

Branchiocaris. Tapıldığı yer: Burqes Şeyl fosil yatağı. Yaş: 505 milyon il

 

Branchiocaris iki hissədən təşkil olunmuş bərk qabığa malikdir. Bədənin ön hissəsi sanki rəzələrlə gövdəyə birləşmişdir. Gövdə hissəsi 40 bölmədən təşkil olunmuşdur. Bu bölmələr halqa formasındadır. Branchiocaris-in üstündəki çıxıntılar böyük qanad formasındakı hissələrdən meydana gəlir. Gövdənin üzərindəki bəzi çıxıntıların da ayaq olduğu məlum olmuşdur. Eyni zamanda mədə-bağırsaq sistemi də açıq-aydın görünür.

Branchiocaris-in baş hissəsində lamisə orqanları var. Çox möhkəm olan bu çıxıntılar çölə doğru qıvrılmış şəkildədir. Bundan daha uzun olan bir cüt başqa çıxıntı isə bığcıqlardır və bığcıqlar qısqaç şəklində sonlanır. Uzun yastı çıxıntılardan meydana gələn qabıq hissə aydın görünür. Dənizin dibinə yaxın üzən canlı olduğu ehtimal olunur. Bəzən qalıqlarla, bəzən də sabit dayanan kiçik canlılarla qidalanır. Təpədəki qısqaclarından qidanı birbaşa ağzına aparmaq üçün istifadə edir. Bu xüsusiyyətlərinə görə buğumayaqlılara daxil edilmişdir.10

Buraya qədər verilən nümunələrdən də göründüyü kimi, Kembri dövründə yaşayan canlılar hal-hazırda yaşayan bir çox canlı qədər kompleks xüsusiyyətlərə malik və öz ekosistemləri içərisində mükəmməl yaşayan qüsursuz canlılar olub. Həmin dövrdə yaşamış trilobitin növünə daxil edilən və növbəti sətirlərdə təfərrüatlarına toxunacağımız Phacops da üstün quruluşa malik gözləri ilə dövrümüzdəki canlılardan fərqlənmirdi.

Kembri canlıları haqqındakı bu məlumatlar bizə bir daha darvinizmin tamamilə süqut etdiyini göstərir. Onurğasız dəniz canlılarının hər cür nümunəsinin rast gəlindiyi belə bir dövrdə ortaya çıxan müxtəlif kompleks formaları təkamülçülər açıqlaya bilmirlər. Onurğalıların ani üzə çıxması isə təkamülçülərin düşdüyü çətin vəziyyəti daha da mürəkkəbləşdirmişdir.

 

1- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 142-143

2- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 145-147

3- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 138

4- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 150

5- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 201-202

6- http://www.palaeos.com/Paleozoic/Cambrian/Cambrian.htm

7- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 199

8- http://www.sizinti.com.tr/ konu.sizinti?SIN=554355b924&k=293&1331833302

9- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 131

10- Derek E. G. Briggs, Douglas H. Erwin, Frederick J. Collier, The Fossils of the Burgess Shale, 1994, Smithsonian Books, s. 140-141