Kateqoriyalar

Fosillərin əmələ gəlməsi

Bir canlı öldükdən sonra sümükləri, dişləri, qabığı, dırnaqları kimi bərk hissələrinin olduğu kimi qorunması ilə və ya bunların izinin qalması ilə fosillər meydana gəlir. Fosil əsasən canlının həmin hissələrinin daşlaşmış formasına deyilir. Ancaq fosil sadəcə daşlaşma ilə meydana gəlmir. Buz kütləsinin içində donmuş mamontlar, qətranın içində qalmış həşərat və kiçik sürünən növləri kimi canlının quruluşunun heç pozulmadan dövrümüzə qədər çatan fosillər də var.

Bir canlı öldükdə bədənini təşkil edən yumşaq toxumalar bakteriyaların və ətraf mühit amillərinin təsirindən çürüməyə başlayır (çox nadir hallarda çürümə baş vermir). Canlının daha möhkəm hissələri (sümüklər, dişlər və qabıq kimi tərkibində minerallar olan hissələr) bəzi fiziki və kimyəvi proseslərdən keçərək uzun müddət pozulmurlar. Bu proseslər fosilləşməyə səbəb olur. Fosilləşən hissələr əsasən onurğalıların sümükləri və dişləri, çiyinayaqlıların və molyuskların qabıqları, bəzi qabıqlıların və trilobitlərin xarici skeletləri, mərcankimilərin və süngərlərin quruluşları və bitkilərin oduncaq hissələridir.

Canlının yerləşdiyi mühitin və ətraf mühit amillərinin fosilin əmələ gəlməsində böyük rolu var. Canlının yerləşdiyi mühitə görə fosilləşmə baş verib-verməyəcəyini təxmin etmək mümkündür. Məsələn, sualtı mühit quruya nisbətən fosilləşmənin baş verməsi üçün daha əlverişlidir.

Ən çox yayılmış fosilləşmə prosesi minerallaşmadır. Bu prosesdə orqanizmin yerini cəsədin gömüldüyü çöküntüdəki minerallar tutur. Minerallaşma prosesində bu mərhələlər baş verir:

Əvvəlcə ölən heyvanın bədəni birdən torpaq, lil və ya qumun altında qalaraq hava ilə təması kəsilir. Bundan sonra aylar ərzində heyvanın gömüldüyü yerin üstünü yeni torpaq təbəqələri örtür. Bu təbəqələr heyvanın bədənini xarici amillərdən və fiziki aşınmalardan qoruyan xüsusi qalxan rolunu oynayır. Getdikcə daha çox təbəqə üst-üstə toplanır və bir neçə əsr ərzində canlının bədəni yer səthinin və ya dəniz dibinin bir neçə metr dərinliyində qalır. Zaman ərzində heyvanın sümük, qabıq, pulcuq, qığırdaq kimi toxumaları yavaş-yavaş parçalanır. Parçalanan toxumaların içinə yerin altındakı sular sızır və bu suların tərkibindəki minerallar zaman ərzində toxumalardakı kimyəvi maddələrin yerini tutur. Toxumalardakı kimyəvi maddələrin yerində yerləşən bu minerallar aşınmaya və parçalanmaya qarşı davamlı olan kalsit, pirit, silisium oksidi, dəmir kimi süxurların tərkib hissələridir. Beləliklə, milyon illər ərzində bu minerallar canlının bədənindəki toxumaların yerini tutaraq canlının bir növ daş surətini çıxarırlar. Nəticədə fosil orijinal canlı ilə eyni formada olur, lakin tərkibi süxurdur.

Minerallaşma yolu ilə fosilləşmədə müxtəlif hallara rast gəlinir:

Əgər skelet çöküntü ilə tamamilə dolub və daha sonra parçalanmayıbsa, daxili qəlib fosilləşir.

Orijinal skelet tamailə fərqli mineralla əvəz olunubsa, qabığın tam surəti əmələ gəlir.

Əgər təzyiq nəticəsində skeletin çöküntüdə tam qəlibi çıxıbsa, skeletin xarici səthinin izi əldə edilir.

Bitki fosillərində isə bakteriyaların təsiri ilə karbonlaşma baş verir. Karbonlaşmada oksigen və azotun yerini karbon və hidrogen tutur. Karbonlaşmada bakteriyalar təzyiq və temperatur dəyişiklikləri və ya müxtəlif kimyəvi proseslərin təsiri ilə toxumaların molekullarını parçalayır, ancaq karbon lifləri qalır, zülal və sellüloza quruluşunda kimyəvi dəyişiklik baş verir. Karbon 4-oksid, metan, hidrogen sulfat və su buxarı kimi digər üzvi maddələr yox olur. Bu proses nəticəsində Daş kömür dövründə (354-290 milyon il) mövcud olan bataqlıqlardan ibarət meşələrdə təbii kömür yataqları meydana gəlib.

Fosillər bəzən kalsiumla zəngin sulara gömülmüş orqanizmlərin travertin kimi minerallarla örtülməsi ilə meydana gəlir. Orqanizm çürüyərkən mineral yataqlarının üstündə izi qalır.

Canlının yumşaq hissələrinin- saçları, tükləri və ya dərisi də daxil olmaqla- tam fosilləşməsi isə çox nadir rast gəlinən haldır. Pre-kembri dövrünə (4.6-543 milyon il) aid yumşaq toxumalı canlıların qalıqları çox yaxşı qorunub. Kembri dövründən (542-488 milyon il) dövrümüzə qədər bir çox canlının bərk toxuma qalıqları ilə yanaşı, daxili quruluşunun tədqiq olunmasına imkan verən yumşaq toxuma qalıqları da qorunub. Kəhrəba və fosil qalıqlarının içində qorunmuş təqribən 150 milyon il əvvələ aid heyvan tükləri və müxtəlif tüklər də fosil qalıqlarının hərtərəfli tədqiq edilməsinə imkan verən nümunələrdəndir. Sibir buzlaqlarının içində qalmış mamontlar və ya Baltika meşələrində qətranın içində qalaraq fosilləşən həşəratlar və sürünənlər də yumşaq orqanları ilə birlikdə fosilləşiblər.

Fosillərin ölçüsü də müxtəlifdir. Mikroorqanizmlərin fosilərindən sürü şəklində yaşayan heyvanların böyük fosillərinə qədər çox müxtəlif fosillər əldə edilib. Böyük fosillərin ən təəccüblü nümunələrindən biri İtaliyada böyük təpə şəklindəki süngər rifidir. Yer üzünün ən böyük "canlı yüksəkliyi" olan bu rif 145 milyon illik əhəngli süngərlərdən təşkil olunmuşdur. Antik Tetis okeanının dibində formalaşan bu süngər rifi tektonik təbəqələrin hərəkəti nəticəsində yüksəlmişdir. Üstündə Trias dövrünə aid süngər riflərində yaşayan canlı nümunələri də var. Kembri dövrünə aid minlərlə canlının fosilləri yerləşən Kanadadakı Burqes-Şeyl və Çindəki Çenqjianq fosil yataqları böyük fosil bölgələrindəndir. Dominikan Respublikasında və Baltik dənizinin qərb sahillərində yerləşən kəhrəba yataqları mühüm fosil mənbələridir. Amerikanın Vayominq əyalətində yerləşən Qrin River fosil yataqları, Mərkəzi Amerikada yerləşən Uayt River fosil yataqları, Almaniyadakı Ayxştet və Livandakı Hacula fosil yataqları buna misaldır.

Fosillər necə qrupa bölünür?

Eynilə canlılar aləmi kimi fosillər də aləm adı altında qruplar şəklində tədqiq olunur. 19-cu əsrdə fosillər bitkilər və heyvanlar olmaqla iki əsas qrupda toplanırdı. Sonrakı tədqiqatlar və əldə edilən fosillər göbələklər və bakteriyalar kimi canlıların da daxil olduğu qrupları meydana gətirdi. 1963-cü ildə tərtib olunan fosil cədvəlinə əsasən fosillər 5 aləmə bölünərək tədqiq edilməyə başladı:

Animaliya- heyvanlar aləmi fosilləri - ən qədim nümunələri 600 milyon yaşındadır.

Plantae – bitkilər aləminin fosilləri - ən qədim nümunələri 500 milyon yaşındadır.

Moneralar – nüvəsiz bakteriya hüceyrəsi fosilləri - ən qədim nümunələri 3.9 milyard yaşındadır.

İbtidailər – birhüceyrəli canlıların fosilləri - ən qədim nümunələri 1.7 milyon yaşındadır.

Göbələklər – çoxhüceyrəli canlıların fosilləri - ən qədim nümunələri 550 milyon yaşındadır.