Kateqoriyalar

Geoloji dövrlər və paleontologiya

18-ci əsrin sonu- 19-cu əsrin əvvəllərində dəmiryolu və tunel inşaatı zamanı yer qabığı haqqında əsas məlumatlar əldə edildi. Məsələn, tunel inşa edən ingilis Uilyam Smit (William Smith) inşaat zamanı Somersetdə yerin altından çıxan Yura dövrünə (206-144 milyon il) aid süxurların bənzərinin Şimal dənizi sahillərində olduğunu da gördü. Ölkənin bir ucundan digərinə qədər topladığı süxur və fosil nümunələri ilə İngiltərənin ilk geoloji xəritəsini tərtib etdi. Habelə, əlindəki süxur nümunələrinə əsaslanaraq bəzi bölgələrdə geoloji yeraltı xəritələr də çəkdi. Bu xəritələrin müasir geologiya elminin inkişafında və yer üzünün geoloji dövrlər cədvəlinin tərtib edilməsində böyük rolu oldu. Xəritələrdəki məlumatlar sayəsində süxurların üstü bitki örtüyü ilə örtülü olsa belə altda hansı təbəqənin yerləşdiyi, tərkibində nələr olduğu (dəmir filizi, kömür və s.) bilinirdi.

Bütün bu məlumatların əldə edilməsində fosillər əhəmiyyətli rol oynamışdı. Bu gün hələ də istifadə edilən Kembriyə qədərki (Arxey və Proterozoy eraları) dövrdən IV dövrə qədər geoloji dövr cədvəli fosil yataqlarının və süxur quruluşlarının işarə etdiyi məlumatlardan istifadə edilərək hazırlanmışdır. Süxurlar üzərində aparılan tədqiqatlar nəticəsində yer üzünün hansı dövrlərdə hansı mərhələlərdən keçdiyi müəyyən edilmiş, süxurlardakı fosillər sayəsində isə müxtəlif dövrlərdə yaşayan canlılar haqqında məlumat əldə edilmişdir. Bu iki məlumat birləşdirilərək cədvəl tərtib edilmişdir. Bu cədvələ görə yer qabığının tarixi eonlara, eonlar eralara, eralar da dövrlərə bölünür.

Perm, II. Yuxarı Daş-kömür (karbon) , III. Erkən Daş-kömür, IV. Devon V. Kembri, VI. Pre-Kembri


Kembriyə qədərki dövr (4.6 milyard-543 milyon il)

Kembriyə qədərki dövr yerin tarixinin ən qədim və ən uzun mərhələsi hesab edilir. Bu uzun eon da eralara bölünür. 4.6-3.8 milyard illik mərhələ Katarxey eonu adlandırılır. Bu mərhələdə yer qabığı yeni formalaşır. Arxey eonu 3.8-2.5 milyard ildir. Daha sonra Proterozoy eonu adlandırılan 2.5 milyard-543 milyon illik eon gəlir. Fosil qeydlərində bu dövrlərə aid birhüceyrəli və çoxhüceyrəli mikroorqanizmlərin müxtəlif izləri var.

Fanerozoy eonu (543 milyon ildən dövrümüzə qədər)

Fanerozoy sözünün hərfi mənası "görünən və ya aşkar həyat" deməkdir. Fanerozoy eonu 3 eraya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy.

2A. Paleozoy erası (543-251 milyon il)

Təqribən 300 milyon il davam edən Paleozoy Fanerozoy eonunun ilk və ən uzun erasıdır. Paleozoy erasında iqlim əsasən rütubətli və mülayim olub. Bəzən buzlaşma mərhələləri olub.

Paleozoy erası Kembri, Ordovik, Silur, Devon, Daş kömür və Perm olmaqla 5 dövrə bölünür.

Kembri dövrü (543-490 milyon il)

Kembri dövrü dövrümüzdə yaşayan əsas canlı tiplərinin, hətta nəsli kəsilmiş bir çox canlının ani surətdə üzə çıxdığı geoloji dövrün adıdır. (Tip canlıların təsnifatında aləmdən sonra gələn ən böyük kateqoriyadır. Tiplər canlıların orqanlarının və toxumalarının sayı və müxtəlifliyi, bədən simmetriyası və digər daxili quruluşa görə müəyyən edilir. Dövrümüzdə 35 tip müəyyən edilib. Kembri dövründə isə 50-yə yaxın canlı tipi yaşayıb.) Kembri dövründə canlı tiplərinin ortaya çıxması o qədər ani olub ki, elm adamları bunu "Kembri partlayışı" adlandırıblar. Təkamülçü paleontoloq Stefen Cey Quld (Stephen Jay Gould) bu hadisəni "həyat tarixindəki ən nəzərəçarpan və təəccüblü hadisə" adlandırmış, təkamülçü zooloq Tomas S. Rey (Thomas S. Ray) "çoxhüceyrəlilərin mənşəyinin həyatın başlanğıcı qədər qeyri-adi olduğunu" yazmışdır.

Paleontologiya elminin Kembri partlayışı haqqında verdiyi məlumatlara baxdıqda bu məlumatların açıq-aşkar Yaradılışı sübut etdiyini, təkamül nəzəriyyəsni təkzib etdiyini görürük. Çünki Kembriyə qədərki dövr əsasən birhüceyrəlilərin, nadir hallarda da əsas nəzərəçarpan xüsusiyyətləri və göz, ayaq kimi kompleks orqanları olmayan çoxhüceyrəli canlıların yaşadığı dövrdür. Odur ki, Kembri canlılarının fantastik təkamül prosesini göstərən bir dəlil və ya bu canlıların əcdadı kimi heç bir fosil göstərilə bilmir. Birhüceyrəlilərin yaşadığı bu mühitdə birdən-birə kompleks xüsusiyyətləri ilə heyranedici canlı müxtəlifliyi meydana çıxır. Bu partlayışla bir-birindən nəzərəçarpan xüsusiyyətləri ilə fərqlənən canlılar ortaya çıxmışdır. Bu vəziyyət Kembriyə qədərki dövrdə yaşamış canlılar və Kembridə yaşamış canlılar arasında həm nəsil əlaqəsi cəhətdən, həm də komplekslik cəhətdən dərin boşluqlar meydana gətirmişdir. Bu boşluqlar o qədər diqqətçəkəndir ki, canlı tipləri arasında davamlılıq göstərmək istəyən təkamülçülər bu canlılar arasında nəzəri cəhətdən belə qohumluq əlaqələri qura bilmirlər.

Kembri dövrü canlılar tarixinin ilk anından etibarən çox fərqli canlıların olduqca kompleks quruluşları ilə ani surətdə ortaya çıxdığını göstərir ki, bu, Yaradılışa işarə edir. Canlıların mükəmməl quruluşlarının mənşəyi Allah`ın yaratmasıdır. Bu mükəmməl canlılar təsadüfən, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi natamam, yarım, qeyri-funksional mərhələlərlə deyil, qüsursuz şəkildə fosil qeydlərində üzə çıxırlar.

Ordovik dövrü (490-443 milyon il)

Bu dövrdə çoxlu sayda müxtəlif onurğasız dəniz canlıları yaşayıb. Fosil qeydləri Ordovik dövründə zəngin dəniz heyvanları fəsilələrinin olduğunu göstərir. Bu dövrə aid quru bitkilərinin fosilləri də var. Ordovik dövründə baş verən qlobal iqlim dəyişiklikləri bəzi növlərin nəslinin kəsilməsi ilə nəticələnmişdir. Ordovik dövrdə baş verən buzlaşmanın səbəb olduğu bu hadisə "Ordovik məhvolması" adlanır.

Ordovik dövründə yaşayan canlıların bəzilərinin dövrümüzdə hələ də nəsli davam edir. Bu canlılardan biri at nalı yengəcidir. 450 milyon illik at nalı yengəci fosili bu canlıların dövrümüzdən təqribən yarım milyard il əvvəl də eyni xüsusiyyətlərə və kompleks quruluşa malik olduğunu göstərir. Ən qədim, qüsursuz su hörümçəyi fosili də Ordovik dövrünə (425 milyon il) aiddir və canlıların milyon illərdir dəyişilmədən qaldığını sübut edir. Bu faktlar darvinistlərin ssenarilərinin əksinə, canlıların heç bir dövrdə təkamül keçirmədiyinin dəlilidir.

Silur dövrü (443-417 milyon il)

Temperaturun artması ilə buzlaqların əridiyi və bəzi qitələrin su altında qaldığı bu dövrə aid bol miqdarda quru bitkisi fosili var. Bundan əlavə, Silur dövrünə aid dəniz laləsi kimi dərisitikanlıların, dəniz əqrəbləri kimi buğumayaqlıların, çənəsiz balıqlar və zirehli balıqlar kimi bəzi balıq növlərinin, habelə bəzi hörümçək növlərinin müxtəlif fosilləri var.

Devon dövrü (417-354 milyon il)

Bu dövrə aid saysız-hesabsız balıq fosili var. Devon dövründə də "kütləvi məhvolma" baş vermiş və bəzi növlərin nəsli kəsilmişdir. Bu kütləvi məhvolma mərcan riflərinə təsir etmiş, stromatoporoidlər (rif əmələ gətirən mərcan növü) rifləri tamamilə məhv olmuşdur.

Devon dövründə yaşamış minlərlə balıq fosilinin dövrümüzdə yaşayan bir çox balıq növündən heç bir fərqi yoxdur. Bu isə yüz milyon illərdir canlıların dəyişilmədiyini, mərhələli təkamül prosesinin baş vermədiyini sübut edir.

Karbon (Daş kömür) dövrü (354-290 milyon il)

Karbon dövrü alt və üst Karbon dövrlərinə bölünür. Qitə toqquşmaları nəticəsində quru ərazilərin yüksəlib-alçalması və qütb buzlaqlarından asılı olaraq dənizlərin yüksəlib-alçalması bu dövrdə yer üzünü və canlıların həyatını formalaşdıran mühüm hadisələrdir. Daş kömür dövrünə aid çoxlu sayda quru və dəniz canlısı fosili var. Bu fosillərin ən məşhuru Coelacanth fosilidir. Uzun illər boyu darvinistlər tərəfindən ara-keçid forma kimi təqdim edilən və daha sonra bu iddialarının doğru olmadığı Coelacanth tərəfindən sübut edilən bu canlı dövrümüzdə hələ də yaşayır. Milyon illərdir heç bir dəyişikliyə məruz qalmayıb, əsla təkamül keçirməyib. Coelacanth darvinistlərin təkamülü dəstəkləyən "ara-keçid fosil" iddialarının əksinə, təkamülü tamamilə təkzib edən yaşayan fosil nümunəsidir. Təkamülü təkzib edən milyonlarla yaşayan fosil nümunəsi var. Təkamülçülərin ara-keçid fosil kimi təqdim etdikləri Coelacanth-ın yaşayan fosil kimi ortaya çıxması onlara böyük zərbə oldu.

Perm dövrü (290-248 milyon il)

Paleozoy erasının son dövrü olan Permin sonunda da böyük kütləvi məhvolma baş verdi. Bu kütləvi məhvolma Paleozoy dövrünün də sonu oldu. Fosil qeydləri bu böyük məhvolma zamanı canlı növlərinin 90-95%-nin nəslinin kəsildiyini göstərir. Buna baxmayaraq Perm dövründən dövrümüzə qədər nəsli davam edən canlılar da var. 230 milyon illik iynəcə, 240 milyon illik hörümçək kimi Perm dövrü canlılarının fosil nümunələri heç bir dövrdə təkamülün baş vermədiyini sübut edir.

2B. MEZOZOY ERASI (248-65 milyon il)

Mezozoy erası Trias, Yura və Təbaşir dövrlərinə bölünür. Dinozavrlar Mezozoy erasında yaşamış və məhv olmuşdurlar.

Trias dövrü (248-206 milyon il)

Trias dövrü ilə Mezozoy adlanan yeni era başlayır. Trias dövründə yaşayan canlılara aid dünyanın hər tərəfindən çoxlu sayda fosil əldə edilib. Fosil qeydləri bu dövrdə həm quru, həm də dəniz canlılarının böyük müxtəlifliyə malik olduğunu göstərir. Digər dövrlərə aid olduğu kimi bu dövrə də aid heç bir ara-keçid canlı fosili yoxdur.

Yura dövrü (206-144 milyon il)

Mezozoy erasının bu dövrü dinozavrların sayca və növcə çox olduğu dövrdür. Yura dövrünün sonunda mamontların, dəniz sürünənlərinin, dəniz molyusku və istridyə növlərinin bəzilərinin nəsli kəsilib.

Yura dövründən bəri dəyişilmədən, təkamül keçirmədən nəsillərini davam etdirən birçox canlı var. Fosil qeydləri bu canlıların nümunələri ilə doludur. Məsələn, ən qədim timsah fosillərindən birinin təqribən 200 milyon il yaşı var. Tuatara kərtənkələsinin də 200 milyon il əvvələ aid fosil nümunələri var. Krevetlərin Yura dövrünə aid çoxlu fosilləri var. Bu canlıların dövrümüzdəki mükəmməl sistem və kompleks quruluşları milyon illər əvvəl də eyni idi.

Tabaşir dövrü (144-65 milyon il)

Mezozoy erasının son dövrü olan Tabaşir dövrü dinozavrların nəslinin kəsildiyi dövr kimi tanınır. Dinozavrlarla yanaşı bir çox quruda yaşayan sürünən və bitki növü də bu dövrdə məhv olub.

Digər tərəfdən, bu dövrdə yaşayan dəniz ulduzları, yengəclər, bəzi balıq növləri, su əqrəbləri, hörümçəklər, iynəcələr, su tısbağaları, timsahlar kimi bir çox heyvan növü və müxtəlif bitkilər dövrümüzə qədər nəslini davam etdirib. 135 milyon illik dəniz ulduzu fosili, 140 milyon illik at nalı yengəci fosili, 125 milyon illik ginqko yarpağı fosili kimi fosil nümunələri bu həqiqəti sübut edən dəlillərdəndir. Milyon illər keçməsinə baxmayaraq eyni kompleks sistemlərə malik olan bu canlılar darvinistlərin təbiət tarixinə dair iddialarını təkzib edir.

2C. KAYNOZOY ERASI (65 milyon il- dövrümüz)

Tabaşir dövrünün sona çatması ilə dövrümüzə qədərki zamanı əhatə edən Kaynozoy erası başlayır. Geoloq və paleontoloqlar yaxın dövrə qədər Kaynozoy erasını iki alt hissəyə bölüblər: III dövr və IV dövr. III dövr 65 milyon il əvvəldən 1.8 milyon il əvvələ qədərki zamanı əhatə edir. IV dövr isə son 1.8 milyon illik dövrü əhatə edir. Yaxın zamanda isə Kaynozoy erası 3 dövrə bölünərək tədqiq olunmağa başladı. Yeni sistemə görə Kaynozoy erasının 3 dövrü bunlardır: Paleogen, Neogen və IV dövr.

Eynilə digər dövrlərdə olduğu kimi Kaynozoy erasına da bol miqdarda fosil aiddir. Bu fosil nümunələri canlıların bir ortaq əcdaddan törədiyini iddia edən təkamül nəzəriyyəsini təkzib edir.

Bütün bu geoloji dövrlərə aid əldə edilən fosil nümunələrinin ən əsas xüsusiyyətlərindən biri canlıların geoloji dövrlər boyu dəyişilməməsidir. Başqa sözlə, bir canlı növü fosil qeydlərində necə üzə çıxıbsa, nəsli kəsilənə qədər və ya dövrümüzə qədər on milyon, hətta yüz milyon illər boyu heç bir dəyişikliyə məruz qalmayıb, quruluşunu qoruyub. Bu, canlıların təkamül keçirmədiyinin açıq-aydın dəlilidir.

Canlılar tarixi təkamül nəzəriyyəsini qəti şəkildə təkzib edir. Bir-birindən tamamilə fərqli canlı növlərini yoxdan yaradan, yer üzünü canlılar üçün əlverişli edən üstün güc və sonsuz elm sahibi uca Allah`dır.

Fosillərə ən çox haralarda rast gəlinir?

Fosillər Yer kürəsinin, demək olar ki, hər yerində var. Bəzi süxur növlərində heç bir fosilə rast gəlinmir, bəzilərində çoxlu sayda fosil olur. Geoloqlar süxurları 3 növə bölürlər:

Maqmatik süxurlar

Çökmə süxurlar

Metamorfik süxurlar

Maqmatik süxurlar yer üzünün dərinliklərində yerləşən və ya vulkanla yer üzünə çıxan lavaların və ərimiş maddələrin soyuması ilə əmələ gələn qranit və ya bazalt tipli süxurlardır. Çökmə süxurlar qum, allüvium və s., suda həll olmuş maddələrin üst-üstə yığılması ilə əmələ gəlir. Metamorfik süxurlar isə yer üzünün alt təbəqələrindəki yüksək temperatur və təzyiq altında quruluşu dəyişikliyə məruz qalan maqmatik və ya çökmə süxurlardır.

Əsasən maqmatik süxurlarda fosilə rast gəlinmir. Bu süxurlarda olan nadir nümunələr isə bitki və ya heyvanların lava ilə örtülməsi ilə meydana gəlir. Metamorfik süxurları meydana gətirən yüksək temperatur və təzyiq altında da çox az canlı fosilləşir, fosilləşənlər isə ciddi zədələnmiş və ya deformasiyaya uğramış olur. Fosillərin demək olar ki hamısı çökmə süxurlarda və ya çöküntülərdə tapılır.

Çökmə süxurların, demək olar ki, hamısı külək və ya su ilə daşınan maddələrdən və ya digər süxurların aşınmasından meydana gəlir. Kömür kimi bəzi süxur növləri də bitki və heyvan qalıqlarından əmələ gəlir. Kiçik qırıntılardan və dənəciklərdən ibarət çökmə süxurlar qırıntı mənşəli çökmə süxurlar adlanır. Qum daşı, şişt qırıntı mənşəli çökmə süxurlara nümunədir. Əgər maddələr suda həll olubsa, kimyəvi mənşəli çökmə süxurlar və ya buxarlanma nəticəsində qırıntısız çökmə süxurlar əmələ gəlir. Əhəngdaşı və dolomit qırıntısız çökmə süxurdur. Əsasən çökmə süxurlar qırıntı mənşəli və qırıntısız süxurların qarışığından ibarət olur. Fosillər isə ən çox şistlərdə, qum daşında və kalsium-karbonatdan əmələ gələn əhəngdaşında tapılır.

Fosillər necə tapılır və çıxarılır?

Fosil axtarışında geoloqlar süxur növləri toplamaq üçün çəkic, mala, müxtəlif kəsici alətlər, kompas, fırça, süzgəc kimi sadə alətlərdən istifadə edirlər.

Fosillər bəzən ətrafdakı yumşaq süxur təbəqəsindən sıyrılaraq səthə çıxır. Belə hallarda fosili sadəcə fırça ilə təmizləmək kifayətdir. Ancaq çox vaxt fosillərin toplanması bu qədər asan olmur. Fosilin gömüldüyü süxur adətən bərk olur və süxurdan fosili ayırmaq saatlar aparır. Əvvəla fosil axtarılacaq sahədə süxurun hansı nöqtədən qırılacağı müəyyən edilməlidir. Süxurun üfüqi lay səthinə görə qırılma nöqtələri müəyyən edilir. Hər süxur növü müxtəlif şəkildə parçalanır. Məsələn, şistlərin qırılma nöqtəsi müəyyən edilən üfüqi laylı səthi var. Təbaşir süxurlarının isə səthi belə deyil. Bu zaman fosilin zədələnməməsi üçün qırılan nöqtələrdəki rəng dəyişikliyi və ya toxuma fərqi kimi işarələri düzgün izləmək lazımdır.

Fosil süxurdan çıxarıldıqdan sonra müxtəlif proseslərdən keçir. Əvvəlcə fosil çıxarıldığı sahədən laboratoriyaya aparılmaq üçün qorunmalı və möhkəmləndirilməlidir. Bunun üçün istifadə olunan metodlardan biri kimyəvi yapışqanlarla fosili möhkəmləndirməkdir. Böyük fosillərdə isə alçı qəliblərdən istifadə olunur. Fosil daşınarkən risk altında olan hissələri nəm kağıza bükülür və sonra alçıya batırılır.

Bundan sonra fosilin bütün detallarının tam üzə çıxması üçün fosil təmizlənməlidir. Əgər fosil onu əhatə edən daşdan bərkdirsə, təmizləmə prosesi daha asan olur. Fosil yumşaq quruluşdadırsa, təmizlənmə üçün kimyəvi maddələrdən istifadə edilməlidir. Ən çox istifadə edilən metodlardan biri isə fosilin turşu ilə təmizlənməsidir. Beləliklə, fosilin bütün detalları üzə çıxır. Bəzi hallarda, xüsusilə fosil çox həssas olduqda və onu əhatə edən süxurla eyni quruluşda olduqda rentgen şüaları və kompyuter skayner cihazları vasitəsilə tədqiq olunur. Beləliklə, fosil yerindən çıxarılmadan əvvəl quruluşunun necə olduğu müəyyən edilir.